Klublar arasında təşkil olunan şahmat üzrə onlayn Avropa kubokunun final mərhələsində 4 turun oyunları keçirilib.
Həlledici mərhələdə mübarizə aparan Azərbaycanın “Odlar Yurdu” komandası startda uğurla çıxış edərək Monakonun “Monte-Karlo” klubuna 3:1 hesabı ilə qalib gəlib. Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli və Cahangir Ağarəhimovdan ibarət komandamız ikinci turda Rusiyanın “Mednıy Vsadnik” kollektivi ilə qarşılaşıb. Görüş rəqibin 3-1 hesablı qələbəsilə yekunlaşıb. Şahmatçılarımız digər iki oyunda fərqli nəticələr göstəriblər. Almaniyanın “Deizisau” komandasına 1 xal yarım - 2 xal yarım hesabla məğlub olan “Odlar Yurdu” son qarşılaşmanı qələbə ilə başa vurub. Komandamız Almaniyanın yarışdakı digər təmsilçisi “Hamburger Schacklub” üzərində inamlı qələbə qazanıb. 3 xal yarım- yarım xal. Bu nəticələrdən sonra “Odlar Yurdu” 10 komanda arasında 6-cı sırada qərarlaşıb. Final mərhələsinə bu gün yekun vurulacaq.